"Kəpəz" rəsmisi Diniyevin istefasının rəsmiləşmədiyini deyir: "Şahin müəllimdən narazılığımız, onu göndərmək fikrimiz yox idi"
Son zamanlar mətbuatın gündəmində olan "Kəpəz" yenə diqqət mərkəzinə düşdü. Bu dəfə baş məşqçi Şahin Diniyevin istefa verərək vəzifəsindən getməsiylə. Topaz Premyer Liqasının XII turunda "Səbail"ə evdə 2:3 hesabı ilə uduzduqları matçdan dərhal sonra klubun Müşahidə Şurasının iclası oldu. Bütün bunlar klub rəhbərliyi ilə söhbətimizi zəruri edirdi. Gəncədə olduğumuz müddətdə klubun icraçı-direktoru Cabir İbrahimov müsahibimiz oldu. "Kəpəz"in rəsmisiylə söhbətimizə baş verən son olaylardan başladıq.
- Hər şey gözlənilməz oldu. Əvvəla, oyunun nəticəsini belə gözləmirdik, Premyer Liqamızım favorit komandaları da Gəncədə oynayanda hər zaman çətinlik çəkirlər. Düzdür, "Səbail"i zəif rəqib kimi görməmişəm. Hər bir rəqibi qiymətləndirmək lazımdı. Ancaq həm meydanda olanlar, həm də baş məşqçimizin matçdan sonra bu qərarı gözlənilməz oldu. Şahin müəllimlə elə burda bir müddət də söhbət elədik. Ha çalışdım ki, öyrənim istefasının səbəbi nədi, dedi, ki, sadəcə, vaxtıdı. Belə bildirdi, mən bu çətin vaxtda tək qaldığımı, təkliyimi hiss edirəm. Görək komandanın işləri necə olur. Növbəti oyunumuz 1 həftə sonradı. Bu, növbəti çətinliklə üzləşdiyimizi ortaya çıxarır.
- "Kəpəz" in cari mövsümdə xüsusilə evdə məğlubiyyətləri sıralamasını, son vaxtlar klub ətrafında baş verən məlum hadisələri, azarkeşlərin ara-sıra "istefa" qışqırmalarını nəzərə alsaq, sizə elə gəlmir ki, sonda baş məşqçinizin gedişi gözlənilən idi?
- "Səbail"lə oyunda ən pis halda heç-heçə olacağını nəzərdə tutmuşduq. İlk dövrədə bu komandayla səfərdə oynayanda, daha çox problemlərimiz vardı və onda 0:1 hesabı ilə uduzmuşduq. Onunla müqayisə edəndə, Gəncədə ən azı heç-heçə olmalı idi, ən real olaraq isə qələbə gözləyirdik. Bu, olmayınca, yəqin ki, Şahin müəllimin hansısa planları, fikri baş tutmadı. Məsələn, bu nöqtəyə çatmaq istəyirmiş, burda qələbə qazansın. Ancaq bu, olmayanda insanı fikrindən döndərmək çətindi. Bir söz ki, deyildi, mediaya, bütün cəmiyyətə açıqlandı, o, artıq reallaşır.
- Klub rəhbərliyinin komandanı uğursuz çıxış etdiyi cari mövsümdə Şahin Diniyevin işindən narazılığı var idimi?
- Xeyr, heç bir narazılıq yox idi. Elə bir narazılıq olsaydı, hiss olunardı.
- Yəni Diniyevi istefaya göndərmək gündəmdə deyildi?
- Bəli, belə bir söhbət gündəmdə yox idi. Çünki bir müddət öncə də bu söhbət ortaya çıxdı, mediadan mənə zəng vuruldu, onda da dedim ki, klub daxilində belə bir fikir yoxdu. Kənardan hər zaman hər cür söz-söhbət ola bilər. Ancaq fakt odur ki, klub daxilində belə bir söhbətlər yox idi.
- "Kəpəz"lə bağlı məlum maddi olaylardan sonra da Şahin müəlimə qarşı təzyiq yox idi?
- Heç bir təzyiq yox idi. Şahin müəllimə hər zaman bidlirmişəm ki, mən yerli adamam, gəncəli olsam da, ən əsası, hər şey barədə kiçik qardaşınızam. Demişdim ki, nə olursa-olsun, yerlilərim də sizin arxanızdadı. Bu baxımdan hər zaman ona demişəm ki, ürəkli ol, bura öz doğma yerimizdi. Şahin müəllimin bu barədə heç bir problemi ola bilməzdi.
- Ancaq "Səbail"lə oyunun əvvəlində tribunalardan qısa müddət "istefa" sədaları oldu. Bir də sonda...
- Bəli, öncə ilk hissədə oldu. Həmin dəqiqə öz fikrimi bildirdim və tribunada səslər kəsildi. Sonda da "istefa" səslənməsi qısa müddət oldu. Bilirsiniz, bu, azarkeşlərdi, onların fikrinə də hörmət etmək lazımdı. Ancaq azlıq çoxluğa tabedi. Çoxluq razıdırsa, bir söz demirsə də, bir-iki nəfərin sözü önəmli deyil. Bəlkə də Şahin müəllimlə kiminsə köhnədən ədavəti ola bilər və ya gəncdi, elə-belə "istefa" qışqırır. Klub haqda bir o qədər də anlayışı yoxdu. Komandanın daxilində olan prosesiəri bilməyən adamlar Şahin Diniyevi günahlandırırlar. Bunlar, uğursuzluq Şahin müəllimdən asılı olan səbəblər deyil. İşin gedişatı belə olub, hardasa bir dəfə səhv addım atıldı. Ancaq bu, düzəlməyə doğru gedən bir işdi.
- Hər zaman belə söhbətlər də olur ki, "Kəpəz"in baş məşqçisi gəncəli olmalıdı. Məhz onda komanda uğur qazana bilir. Sizdən bir gəncəli olaraq buna münasibət öyrənmək istərdik. Doğrudanmı, bu belədi?
- Şahin müəllim burdakılardan nəsə soyuqluq, hiss eləmişdi? Yox. O hissiyyat ümumiyyətlə, yoxdu. Mən elə deməzdim ki, problem baş məşqçisinin gəncəli olmamasındadı. O fikrin əleyhinəyəm. Klub daxilində başqa insanlar arasında da belə bir fikir yoxdu.
- Oyundan dərhal sonra Müşahidə Şurasının iclası nəzərdə tutulmuşdu. Bu, konkret hansı məsələlərlə bağlı idi?
- İslam Abbasov Müşahidə Şurasının yeni üzvü olmasıyla bağlı idi. Bu təyinat rəsmiləşməli idi. Daha çox bununla bağlı yığıncaq idi. Hələ ki, İslam müəllimlə klubla bağlı geniş söhbətimiz olmayıb. Proseslər sürətlə getdiyindən vaxt məhdudiyyəti ilə üzləşmişik.
- Elnur Camalxanov da "Kəpəz"in rəhbərliyində yer alacaq. Bu haqda nə deyə bilərsiniz? İclasda bu təyinatın da reallaşması nəzərdə tutulub?
- Məlumatım yoxdu. Sadəcə, İslam Abbasovla bir yerdə gəldiklərini gördüm. Sonrakı planlarından xəbərsizəm.
- Yeni baş məşqçi məsələsi necə olacaq? Buna da Müşahidə Şurası öz iclasında qərar verməlidi...
- Diniyevin istefası heç rəsmiləşməyib. Bu, söz olaraq deyildi.
- Hər halda, Şahin müəllim oyundan sonra mətbuat konfransında istefa ərizəsini İslam Abbasova təqdim etdiyini və həmin dəqiqədən "Kəpəz"in baş məşqçisi olmadığını açıq şəkildə bəyan etdi...
- Görək necə olacaq. İndi bir şey deyə bilmərəm.
- Rəhbərlik yeni baş məşqçi axtarışına çıxmalı olacaq...
- Bizi vaxt məhdudiyyəti daha da sıxır. Qarşıdakı iki həftədə çempionatda iki oyunumuz var. Yəqin 2-3 günə nəsə aydın olar. Bu gün-sabah heç nə demək olmaz.
- Yunis Hüseynovun baş məşqçisi olacağı bildirilir. Bu təyinat gündəmdədi?
- Xeyr, hələ ki, bir şey yoxdu.
- Ola bilər ki, komanda ilin sonunadək Diniyevin köməkçiləri - Xaliq Mərdanov, Vidadi Rzayevlə yoluna davam eləsin?
- Deyə bilmərəm. Yəqin ki, onlar komandanı tək qoymazlar. Mən elə fikirləşirəm. Gözlənilməz gediş oldu və indi qəti bir söz deyə bilmərəm.
- Sizcə, komandanı bu çətin vəziyyətdən necə çıxarmaq olar? Yeni baş məşqçi də deyəcək ki, bu komandanı mən yığmamışam, mənə vaxt lazımdı. "Kəpəz"in isə zamanı yoxdu və son pillədən yaxa qurtarmalıdı...
- Suala cavab verə bilmərəm. Mən tərəfdən fikir bildirmək çox çətindi. Deyim ki, bunu hansısa yolla həll eləmək olar, bu gün alınmaz axı. Şahin müəllimin həm futbolçu, həm də məşqçi kimi böyük karyerası var. Futbolda uzun yol keçib, millimizin də baş məşqçisi olub. "Kəpəz"də də uzun müddət çalışıb.
- Klub rəhbəri - Müşahidə Şurasının sədri Elmir Vəliyev də matçı izlədi. Onun düşüncələri necə oldu? Hər hansı göstərişlərini verdimi?
- Xeyr. Elmir müəllim də üzgün vəziyyətdə stadionu tərk elədi. Diniyevin bu qərarı kluba növbəti çətinlik yaratdı. Yəqin ki, hər bir çətinliyin çıxış yolu var. İnşallah, yoluna düşər hər bir şey. Son 2 oyunda uğurlarımız olar. Həyat davam edir. Qış fasiləsindən sonra "Kəpəz" nəticə verməyi bacarar.
MEHMAN SÜLEYMANOV
Oxşar xəbərlər
""Kəpəz"ə uğurlar arzu edirəm" - Kərim Diniyev
Gəncə klubunda daha bir istefa
Şahin Diniyev istefa verdi
Yığmamızın sabiq baş məşqçisi: "Mənim 1 qəpiyim də mənimsənilməyib"
Firuz Abdulla: "Mikayıl Nərimanoğluya təşəkkür edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası