"İnter Arena"nın bəzəyi və stadionu mühasirəyə alan avtobuslar - KİÇİK QEYD
Ötən gün Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "İnter" evdə "Səbail"lə qarşılaşırdı. Oyundan əvvəl "İnter Arena"nın ətrafında baş verənləri gözlə görməyə dəyərdi. Üzərinə "Socar" yazılan xeyli sayda avtobus stadionu sanki mühasirəyə almışdı. İrili-xırdalı 15-ə yaxın nəqliyyat vasitəsindən düşən yüzlərlə insan arenaya doğru istiqamət alırdı, hətta onlara yol göstərənlər belə var idi. Stadionun yolunu tanımayan "azarkeşlər"in oraya zorla gətirildiyi açıq-aydın görünürdü. Artıq saat 6-nın yarısında(oyun 6-da başlayırdı-H.Ə) avtobuslar tam boşaldıqdan sonra, "İnter Arena"da CBC Sport kanalının kameralarının olduğu tərəfin qarşısındakı tribunalar demək olar ki, dolmuşdu. Bu da əbəs yerə edilməmişdi, axı canlı yayımlanan görüşdə stadionda xeyli sayda "fanat"ın olduğu görünürdü. Oyunun ilk hissəsi başa çatan kimi həmin tribunalara doğru yollandım, ilk söhbətləşdiyim şəxs 50-55 yaşlarında bir kişi idi, mənim ona sualımı gözləmədən:Bala, kimlər oynayır? - deyə, soruşdu. Məsələ tam aydın idi. Danışdırdığım bir neçə şəxsin verdiyi məlumata görə, neftayırma zavodunda çalışan xeyli sayda fəhlə ilə yanaşı, Keşlə qəsəbəsinin sakinləri də avtobuslarla stadiona gətirilib. Ortayaşlı bir fəhlənin giley-güzarını hər kəsə çatdırmağı isə özümə borc bilirəm: İşdən yorğun çıxmışıq, evə gedib dincəlməyə imkan vermirlər, biz bəyəm zorla futbola baxanda, futbol olacaq?.
Hidayət Əliyev, Sportfm.az


Oxşar xəbərlər
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Qarabağ" azarkeşlərini unutmadı
Avropa Liqasında iştirak edən komandamız ortada qalıb - PROBLEM
"Qarabağ"ın görüşü saat neçədə olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası