Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cavid Hüseynov günahkardırmı? - SORĞU
Səbail
rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən
futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim
Elmar Rəhimovun sədrlik etdiyi iclasda
Hüseynova hökm oxunub. Hökmə əsasən, futbolçu 4 il müddətinə azadlıqdan
məhrum edilib. Hökmü birmənalı qarşılamayanların sayı az deyil. Cəmiyyətdə bu
haqda fikir müxtəlifliyi var. Hökm və ümumiyyətlə, mövzu ətrafında media əhlinin mövqeyini öyrəndik. Məsələ ilə bağlı həmkarlamıza müraciət
etdik. Onlardan məhkəmənin qərarını şərh
etmələrini istədik.
Elnur Məmmədli ("CBC Sport"): "İstənilən idmançının, futbolçunun dəmir
barmaqlıqlar arasında olması yaxşı hal deyil. Cavid Hüseynovun bu cinayəti
bilib gizlədib-gizlətməməsi də ayrıca mövzudur. Yəni bunu heç kim dəqiq bilmir.
Adi bir tənqidə görə, bir neçə ailə bədbəxt oldu, gözü yaşlı qaldı. Məsələnin
kökünə fikir vermək lazımdır: hər şey savadsızlıqdan, cahillikdən irəli gəlir.
Sosial şəbəkələrdə bir qədər ehtiyatlı olmaq lazımdır. Əslində, bəzən biz şərhçilər
haqqında da xoşagəlməz fikirlər yazırlar. Ancaq başa düşmək lazımdır ki, hər
azarkeşlə, tamaşaçı ilə mübahisə etməyə dəyməz. Sadəcə, üstündən keçib getməlisən.
Bu, təkcə Cavid Hüseynovun qohumlarının cinayəti və yaxud jurnalistin ölümü
hadisəsi deyil, cəmiyyətimizin anormallığını, tənqidə sabrli yanaşmamasının
göstəricisidir. Yaxşı ki, bizdə futbol fanatlığı və bu idman növü Türkiyədəki
kimi inkişaf etməyib. Yoxsa həftədə bir ölüm olardı. İnanıram ki, Cavid
Hüseynov amnistiyaya düşəcək və yaxın vaxtlarda evində, doğmalarının yanında
olacaq. Ancaq bu hadisə digər idmançılara, futbolçulara da bir örnək
olmalıdır".
Pərvin Kazımoğlu ("Fanat.az"): "Mən ilk gündən
Rasim Əliyevin ölümünə görə əsas günahkarın Cavid Hüseynov olduğunu düşünmüşəm.
Düzdür, Cavid həmkarımızın döyülməsində birbaşa iştirakçı olmayıb. Amma
jurnalistin üstünə gedənlər onun qohumları və ya qohumlarının dostları olub. Öz
fikrini, düşüncəsini ifadə edən jurnalistlə mübahisəyə məhz Cavid özü
başlamışdı. Bu da qohumlarının məsələyə müdaxiləsi və bir insanın ölümü ilə nəticələndi. Ola bilər
ki, Cavid onlara "gedin, Rasimi başa salın" deməyib. Amma istənilən
halda, bu vəziyyəti özü yaradıb və bir insanın həyatına son qoyulmasına səbəb
olub. 1-2 oyunda qol vurmuşdu deyə, özünü qəhrəman sayırdı, heç kimin onunla
bağlı fikir bildirməyə haqqının olmadığını düşünürdü. Nəticəsi də belə oldu. Məhkəmənin
qərarına gəlincə, 4 ili ədalətli cəza hesab etmirəm. Ortada öldürülmüş,
günahsız bir insan var. Elə cəza verilməli idi ki, Caviddən sonrakılara da dərs
olsun. Anlasınlar ki, bütün probemləri, anlaşılmazlıqları qol gücü ilə həll etmək,
küçə təfəkkürü ilə yaşamaq olmaz. Cavid günahkar olsa da, olmasa da, bu məsələdə
çox insanın canı yandı. Rasimin həyatı, Cavidin karyerası bitdi, bir neçə gənc
ömürlərinin bir hissəsini həbsxanada keçirməli olacaq. Bu qədər ailə gözüyaşlı
qalacaq. Ümid edək ki, bu hadisə digər idmançılarımıza da dərs olacaq".
Araz Əhmədov ("Sportfm.az"): "Uzun müddətdir bu proses gedir.
Ciddi istintaq araşdırmaları aparılıb, sonda yekun qərar verilib. Cəzası olan çəkməlidir.
Bu qərar jurnalistin fikir və söz azadlığına hörmət etməyən hər kəs üçün örnək
olmalıdır".
Aydın Bağırov ("Qol.az"): "Ona pis oluram ki, gənc
həmkarımız kiminsə məsuliyyətsizliyi ucbatından öldürülüb. Digər tərəfdən Azərbaycanın
ən yaxşı futbolçularından biri karyerasının ən pik vaxtında həbsxanaya düşüb.
Bu da ölkə futbolunun istedadlardan birinin itirməsinə səbəb olur. Elə bir çətin
durumda qalmışıq ki, bilmirsən nə deyəsən. Qərar da məhkəmə tərəfindən verilib.
Mən hüquqşünas deyiləm və belə situasiya ilə heç zaman qarşılaşmamışam. Bu
halda hansı qərar qəbul edilir, bilmirəm. Burada həyatını itirən Rasim Əliyev və
Cavid Hüseynov öz başına insanların yekəxanalıqları ucbatından qurban getdilər".
İlkin Fikrətoğlu (ATV): "Mənə elə gəlir ki, Cavid Hüseynovla bağlı ədalətsiz
qərar verildi. Bilirik ki, o, Rasim Əliyevin öldürülməsində yox, cinayəti bilib
xəbər verməməkdə ittiham olunur. Lakin bununla bağlı istintaq heç bir fakt
ortaya qoymadı. Bu adamın bibisi oğlu ilə danışmasını - telefonla danışığını
istintaq asan şəkildə tapa bilərdi və ictimaiyyətə tam açıqlayardı ki, Cavid
Hüseynov məhz bu səbəblərdən həbs olunub. Amma bunların heç biri olmadı və heç
nədən qərar çıxarıldı. Düzdür, cinayəti törədənlər cəzalarını aldılar. Bu,
onların günahları idi və layiqli şəkildə cəzalandılar. Bu qərarı alqışlamaq
lazımdır. Cavid Hüseynovun məsələsində isə məhkəmə, prokurorluq, ümumiyyətlə
istintaq - ədalətsiz qərar verdilər. Əgər cəza verilirsə, sübut da ortaya
qoyulmalıdır. Məsələnin bu qədər ictimailəşməsi, böyük rezonans doğurması məhkəməni,
hakimi böyük təzyiq qarşısında qoydu. Onlar bütün təzyiqlərdən qorxaraq, tənqidlərdən
yaxasını qurtarmaq üçün gözlərini yumaraq, bir insan həyatının üstündən xətt çəkdilər.
Bu, çox ədalətsiz qərardır. Mən Cavidi cinayətdə günahkar bilmirəm. Özüm də
jurnalistəm. İndiyə qədər Cavid haqqında onlarla, yüzlərlə, minlərlə tənqidi
yazılar yazıldığının şahidi olmuşam, özüm də yazmışam. Bu müddətdə o, heç kimi
nə "razborkaya" çağırıb, nə kiməsə "xox gəlib". Cavidin
indiyə kimi kiminlə problemi olub, kimə zəng edib bir fikir bildirib ki? Başqa
futbolçular, idmançılar ediblər, amma Cavid Hüseynov barədə bir artıq-əskik
söz-söhbət eşitməmişəm. Mən inanmıram ki, Cavid Rasim Əliyevin üstünə qohumunu
göndərsin. Onlar arasında olan problem "facebook" yazışması idi və
qohumunun axmaqlığı, cahilliyi ucbatından həm Rasim Əliyevin öldürüldü, həm də
onun yanında gedən, heç məsələnin mahiyyətini anlamayan 4-5 nəfərin gələcəyi məhv
oldu. Hərəsi 8-10-12 il həbs cəzası aldılar. Cavid Hüseynovun isə karyerası demək
olar ki, bitdi. Burada ən böyük məsuliyyət hakimlərin üzərinə düşür. Bu adam 12
saat xəstəxanada olub, müsahibə verib, danışıb. Adam olur ki, ölümcül qəzaya
düşür, yara alır, amma həkimlər onu xilas edir. Tibb işçiləri necə məsuliyyətsiz,
təcrübəsiz olublar ki, 12 saat ərzində bu xəstəyə heçnə etməyiblər. Cinayətkarcasına
səhlənkarlıq ediblər, amma məhkəmədə həkimlərin adın belə tutan yoxdur. Heç
soruşan da olmadı ki, hansı həkimdir burada cavabdeh. Bu da daha bir ədalətsizlik.
Burada həkim daha çox cəza almalıdır, Cavid Hüseynov yox".
Saleh Arslan
("Korner.az"): "Təbbi, üzücü bir qərar oldu. Heç istəməzdim ki,
başına belə bir iş gəlsin. Hər halda, ədalət məhkəməsindən daha az cəza gözləyirdim.
Ümid edirəm ki, apellyasiya məhkəməsinə şikayət ediləcək və cəza minimum həddə
qədər yüngülləşdiriləcək. Cavid Azərbaycan üçün faydalı futbolçu idi və onun həbsdə
yox, meydanlarda olması lazımdır".
İlqar Tağıyev ("Het-trik
News"): "Təəssüflənirəm ki, belə ağır cəza aldı. Azərbaycanın ən
istedadlı futbolçularından biri idi. Həm yığmaya, həm də komandasına çox xeyir
verə biləcək gücdə idi. Təəssüf ki, karyerası məhv oldu. Kimisə günahlandıra
bilmərəm ki, düzgün qərardır, ya yox. Məhkəmə ali qurumdur. Onların verdiyi qərara
hörmətlə yanaşmaq lazımdır. Səhv, ya düz qərar verdiklərinə mən qarışa bilmərəm.
Bu qərara müdaxilə etməyimizə haqqımız yoxdur. Onlar işi daha yaxşı bilirlər.
Kaş ki, minumum və ya heç cəza olmayaydı. O zaman udan Azərbaycan futbolu
olardı".
Natiq Muxtarlı ("Komanda.az"): "Düzü, Cavid
Hüseynova cəza veriləcəyini gözləyirdim, ancaq bu qədər də ağır yox. Cavid
Hüseynov hər nə qədər "jurnalistin ölümündə günahım yoxdur" desə də, əslində
günahının olduğu bəlli idi. Ancaq məhkəmə prokurorun tələb etdiyi müddətdə həbs
qərarı verməklə, üstəlik heç bir yüngülləşdirici halı nəzərə almamaqla, bu işə
siyasi çalar qatdı. Demək, Cavid Hüseynovun belə ağır cəzaya məruz qalmasına
oliqarxlar arasında gedən intriqa da təsir etdi. Cavid jurnalistin ölümündə məsuliyyət
daşıyırdı, amma birbaşa cinayət iştirakçısı deyildi. Özü də buna görə Cavid cəmiyyətin
də böyük qınağına tuş gəldi. Amma bir neçə il əvvəl Araz Abdullayev avtomobillə
bir günahsız insanı öldürmüş, digərini isə ağır yaralamışdı. O, bircə gün də həbsdə
yatmadı. Bu ikili standart oliqarxlar arasında gedən mübarizənin göstəricisidi.
Bu məsələlərdə qanun şah deyil, hansı oliqarx güclüdürsə, şah da odur. Güclünün
"adamı" həbsdə yata bilməz. Günahı nə olursa-olsun".
Rüstəm
Piriyev ("Extratime.az"): "Təbii ki, Azərbaycan milli yığmasının
futbolçusu həbs olunması məni çox üzdü. Necə də olsa, Cavid bizim futbolda
istedadına və fiziki göstəricilərinə görə fərqlənən, özünə hörmət qazanan
oyunçulardandır. 4 illik həbs cəzasını həddindən
artıq ağır qərar hesab edirəm. Digər tərəfdən,
bu cəza yerli futbolçuların son vaxtlar ölkə idman mətbuatına və jurnalistlərinə
yuxarıdan aşağı baxdığının bariz nümunədir. Onun Kipr səfərindən sonra "Mənim
hərəkətimi dəstəkləməyən jurnalistlərə qanlarını yoxlatmasını təklif edirəm"
deməsi artıq Cavid Hüseynov adlı futbolçumuzu itirdiyimizi göstərdi. Ədəbsiz
jest edərək həm özünün, həm də komandasının imicinə xələl gətirən oyunçu
gec-tez cəzasını almalı idi. Çox təəssüf ki, nə "Qəbələ", nə də UEFA
buna önəm vermədi və Cavid qarşısıalınmaz, günahsız və haqlı olduğunu hiss
etdi. Təbii ki, bir azərbaycanlı futbolçunun həbsdə olmasına çox üzülürəm. Nə qədər
ağır olsa da, artıq heç kəs Rasimi geri qaytara bilməz. Bir ailə bədbəxt oldu,
indi isə digər - uşaqlı, analı, böyüklü-kiçikli ailə başsız qaldı. Bilmək
olmur, bəlkə də Cavidin vəkili apellyasiya verib, qərarı dəyişdirə biləcək. Vəziyyət
dəyişməsə, ölkə futbolu bir istedadını daha itirəcək. Təbii ki, Cavid cəzasız
qalmamalı idi, lakin 4 il həddindən artıq ağır cəzadır. Fikirləşirəm ki, daha 1
il həbs cəzası verib, onu azadlığa buraxmaq olardı".
İlkin
"FutbolPress"
Oxşar xəbərlər
"Cəbrayıl" baş məşqçisiz qaldı
Rasim Əliyevi öldürən futbolçular kassasiya şikayəti etdi
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynov kassasiya şikayətini geri götürdü
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası