reklam
Banan plantasiyaları və bakılı
Sportfm.az xəbər saytı

Banan plantasiyaları və bakılı "Makkabi" fanatı -Yol qeydləri


Bir yandan iki ilə yaxındır həyatımızın bir parçasına çevrilən pandemiyanın bizlərə tanıtdığı kovid testinin nəticəsini qorxu içində gözlərkən, digər tərəfdən “Neftçi”nin İsraildə nələr edə biləcəyi haqqında düşüncələrə daldığım anda telefonuma gələn “Covid 19 analizinizin nəticəsi neqativdir” mesajı “ürəyimə su səpdi”. Artıq rahat şəkildə yola çıxmaq olardı, son sədd arxada qalmışdı.
                 CİDDİ YOXLAMA
   Heydər Əliyev adına beynəlxalq hava limanına jurnalistlərdən öncə varan “Neftçi” qafiləsi heyətdəki əskiklərə rəğmən Hayfada yaşıl meydana son döyüş üçün çıxacağının siqnalını verərcəsinə çox inamlı görünürdü. Xüsusən də baş məşqçi Samir Abasovun üzündəki ifadə “biz ora məğlub olmaq üçün getmirik!” deyirdi. Saat 10:00-da xüsusi reyslə Təl-Əvivə üç saat iyirmi dəqiqəlik uçuşdan sonra əhalisinin tamamı peyvənd olunan, virusun yayılma qrafikinə görə dünyada sonuncu pillələrdən birində qərarlaşan müqəddəs İsrail torpağına ayaq basdıq. Təl-Əvivin hava limanında isə bizi ciddi yoxlamalarla yanaşı, təkrar koronavirus testi gözləyirdi. Ümumiyyətlə İsraildə təhlükəsizlik tədbirləri ilə bərabər koronavirusla mübarizəyə böyük önəm verilir. “Neftçi”nin futbolçularından, inzibati heyətdən və digər qonaqlardan Covid 19 testi götürüldükdən sonra hər kəsin qoluna üzərində rəqəm olan xüsusi qolbağ taxılır. Məhz bundan sonra ölkəyə gələnlər İsrailə giriş edə bilər. Test qolbağı olan hər kəs sistemdə qeydiyyata alınır və kimdəsə testin nəticəsi pozitiv çıxarsa, onun yeri rahat şəkildə aşkar edilir. “Ben Qurion” hava limanında yaşananlar bizlərdə nə qədər təəccüb doğursa da, yaşlı bir israillinin mənə yaxınlaşıb rusca “это наш «Нефтчи» Баку?” sualı daha heyrətedici idi. Söhbət əsnasında əslən Bakıdan olduğu məlum olan “Makkabi” Təl-Əviv fanatı “Neftçi”nin işinin asan olmadığını söyləməklə yanaşı, azərbaycanca flaqmana “uğurlar” arzulamağı da unutmadı.
           BANAN PLANTASİYALARI 
   Təl-Əvivlə İsrailin 3-cü böyük şəhəri olan Hayfa arasındakı 126 kilometrlik məsafəni banan plantasiyalarını, kiçik qəsəbələri, ərəblərin yaşadığı ərazilərin ətrafına çəkilən hündür hasarları izləyərək saat yarıma qət etdik. Ümumiyyətlə bu kiçik ölkədə yol infrastrukturu mükəmməl inkişaf edib. Şəhərlərarası yollarda bəzən tıxaclara belə rast gəlmək mümkündü. "Flaqman"ın futbolçularını aparan avtobusu müşayiət edən bizim mikroavtobusun sürücüsü bəzən jurnalistləri "atıb-tutmaqla" Bakını unutmağa qoymurdu. Hayfa şəhərinə çataçatda Aralıq dənizi də özünü bizə yetirdi. Bu füsunkar dəryanın sahil zolağının tərtəmiz və hasarsız, hamı üçün əlçatan olması diqqətdən qaçmadı. Uzun illərdi Bakıda bu görüntü üçün çox darıxmışıq. 
                                                                              İDMAN ŞƏHƏRİ        
 İsrailin üçüncü böyük şəhərinin ən adlı-sanlı otellərindən biri olan "Panorama"da(Vaxtilə "Xəzər Lənkəran"da buranı özünə məskən seçib)məskunlaşan "Neftçi" elə ilk məşqinə də ötən gün çıxmalıydı. 
 Karmel dağının yamacında yerləşən şəhərin küçələrində matçla bağlı afişalar gözə dəyməsə də, yerli fanatlar bizimlə söhbətlərində 90 dəqiqənin başlamasını səbirsizliklə gözlədiklərini bildirirlər. Hayfa əhalisi futbolu çox sevir. Söhbətləşdiyim müxtəlif cins və yaş kateqoriyalarında olan insanlar "Makkabi" ilə "nəfəs aldıqlarını" söyləyirlər. Şəhərin özünü də idman şəhəri kimi qələmə vermək olar, yolların kənarlarında, parklarda məşq edən, yüngül qaçışla məşğul olan xeyli sayda adam görmək mümkündü. 
 44 günlük Haqq savaşında Azərbaycanın yanında olan İsraildə bizlərə olan sevgi isə bir başqadı. Bunu hər addımda hiss etmək mümkündü. "Azərbaycan" deyən kimi üzləri gülən yəhudilər həmin dəqiqə Qarabağ müharibəsini xatırladırlar...
(Araz Əhmədov)Davamı olacaq....
 

Oxşar xəbərlər

Dadsız yeməklər və yarımcan "Neftçi" - İsraildəki fiaskoya son baxış
"Neftçi" İsrailə çatdı - FOTO
"Neftçi" qələbəni əldən verdi - Konfrans Liqası
Şahin Diniyev:""Makkabi" favorit görünə bilər, amma kağız üzərində" - MÜSAHİBƏ
“Qarabağ” İsraildə dəstəksiz qalmadı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər