reklam
AVRO-2016: Gənc ingilisdən, qocaman almana qədər!
Sportfm.az xəbər saytı

AVRO-2016: Gənc ingilisdən, qocaman almana qədər!


Avro-2016-nın gəncləri Bu dəfəki Avropa çempionatı bir çox özəllikləri ilə yaddaşlarda qalacaq. Məsələn, birinciliyin ilk dəfə 24 komanda arasında keçirilməsi. Və ya futbolçularla bağlı qeydə alınan rekordlar. Onlardan biri Avropa çempionatları tarixində meydanda olan ən yaşlı futbolçu ilə bağlıdır. Macarıstan yığmasının qapıçısı Qabor Kiral Belçika ilə oyunda meydana çıxan ən yaşlı futbolçu kimi tarixdə qaldı. Həmin vaxt o, 40 yaş, 87 günlük idi. Kiral Macarıstan yığmasında 1998-ci ildə debüt edib. Lakin hazırda Avro-2016-nın iştirakçıları arasında öz ölkələrinin yığma komandalarında Kiraldan əvvəl debüt etmiş futbolçular da var. Canluici Buffon 1997-ci il oktyabrın 29-da Rusiya ilə matçda yığmada ilk oyununa çıxıb. İrlandiyanın qapıçısı Şey Given isə ilk dəfə milli forma ilə 1996-cı il martın 27-də oynayıb. Maraqlıdır ki, indiki Avropa çempionatının iştirakçılarından düz 12-i həmin vaxt heç anadan olmamışdılar. Bu sayımızda həmin "12-lik"dən bəhs edəcəyik. Başqa sözlə, Avro-2015-in ən gənc futbolçularından.  
Dele Alli (İngiltərə)  Doğum tarixi: 11.04.1996 Boyu: 188 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 20 milyon avro Avro-2016: 4 oyun, 1 məhsuldar ötürmə Nigeriya əsilli Dele "Tottenhem"in futbolçusudur. Peşəkar karyerasına "Milton Keyns Dons"da başlayıb. İlk dəfə 2012-ci ildə - 16 yaşında əsas komandada debüt edib. 2015-ci ilin qışında "Tottenhem"ə keçib. İngiltərə Premyer Liqasında ilk oyununa həmin il avqustun 8-də "Mançester Yunayted"ə qarşı matçda çıxıb. Ötən mövsüm 33 çempionat oyununda iştirak edib, 10 qol vurub. 2012-ci ildə İngiltərənin U-17 komandasına dəvət alıb, U-21 komandasına kimi yüksəlib. Əsas yığmada ilk oyununu ötən il oktyabrın 9-da Avro-2016-nın qrup mərhələsində Estoniyaya qarşı keçirib. İlk qolunu isə noyabrın 17-də Fransa ilə yoldaşlıq oyununda vurub.  
Aleksandr Qolovin (Rusiya) Doğum tarixi: 30.05.1996 Boyu: 180 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 3 milyon avro Avro-2016: 3 oyun Saşa Rusiyanın Kemerovo vilayətinin Kaltan kəndində anadan olub. ÇSKA-nın futbolçusudur. Futbola da bu klubun akademiyasında başlayıb. 2015-ci ildə əsas komandaya cəlb olunub.  İndiyə kimi 23 oyunda iştirak edib, 3 qol vurub. Oyunlardan biri Çempionlar Liqasına təsadüf edir. Əsasən Rusiyanın aşağı yaş yığmalarında oynayıb. Əsas millidə 7 iyun 2015-ci ildə Belarusa qarşı ilk oyununa çıxıb və qol vurub. Fransadakı turnirə kimi millidə 7 oyunda iştirak edib, 2 dəfə fərqlənib.  
Kinqsli Koman (Fransa) Doğum tarixi: 13.06.1996 Boyu: 178 sm Mövqeyi: Vinger Qiyməti: 17 milyon avro Avro-2016: 6 oyun Qvineya əsilli Kinqsli Parisdə anadan olub. Futbola PSJ-də başlayıb. 2013-cü il fevralın 17-də "Soşo" ilə oyunda meydana çıxan Koman ən gənc futbolçu kimi PSJ-nin tarixinə düşüb. Həmin gün o, 16 yaş, 8 ay, 4 günlük idi. 2014-cü ildə "Yuventus"la 5 illik müqavilə bağlayıb, 15 oyunda iştirak edib. Ötən il 2 illiyə "Bavariya"ya icarəyə verilib, 24 oyunda 4 qol vurub. Alman klubu gələcəkdə 25 milyon avro qarşılığında Komanı almaq hüququna malikdir. Fransanın U-16 yığmasından olimpiya yığmasına kimi yüksəlib. Əsas yığmada artıq, 10-dan çox oyun keçirib, 1 qol vurub.  
Niko Elvedi (İsveçrə) Doğum tarixi: 30.09.1996 Boyu: 188 sm Mövqeyi: Müdafiə Qiyməti: 4 milyon avro Avro-2016: oynamayıb Niko Sürixdə anadan olub, futbola da doğma şəhərinin eyniadlı klubunda başlayıb. 2014-cü il mayın 15-də "Sürix"in əsas komandasında ilk oyununa çıxıb. 2015-ci ilin yayında Münhenqladbax "Borussiya"sı ilə 4 illik müqavilə bağlayıb. Hazırda bu komandanın əsas heyət futbolçularından sayılır. Maraqlıdır ki, İsveçrənin aşağı yaş yığmalarının heyətində daim oynayan Niko əsas yığmada Avro-2016-a kimi cəmi 1 oyun keçirib. O da mayın 28-də Rumıniya ilə matç.  
Denis Zakariya (İsveçrə) Doğum tarixi: 20.11.1996 Boyu: 191 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 4 milyon avro Avro-2016: oynamayıb Niko Elvedinin komanda yoldaşı olan Denis "Servett"in yetirməsidir. 2015-ci il yanvarın 1-də "Yanq Boyz"a transfer olunub. Son mövsümdə komandanın əsas heyətində daim yeri olan Denis mövsüm ərzində 33 oyun keçirib, 1 qol vurub. Onlardan 27-i çempionat, 3-ü isə ÇL-ə aiddir.  Niko kimi onun da ilk oyunu rumınlara qarşı olub. Əsas yığmaya kimi isə İsveçrənin U-19 və U-21 yığmalarının futbolçusu olub.  
Aleksandr Zinçenko (Ukrayna) Doğum tarixi: 15.12.1996 Boyu: 175 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 4 milyon avro Avro-2016: 3 oyun Saşa Jitomir vilayətinin Radomışl rayonunda futbolçu ailəsində dünyaya gəlib. Həmin rayonun UGİM-də ilk dəfə futbola qədəm qoyan futbolçu 16 yaşında "Şaxtyor"a keçib. Maraqlıdır ki, Donetsk klbunda 1 oyunda belə çıxış etmədən 2015-ci ildə Rusiyanın "Ufa" komandasına satılıb. İndiyə kimi 31 oyunda 2 dəfə fərqlənib. Ukraynanın U-17 komandası ilə ilk dəfə milli forma geyinən Zinçenko əsas millidə ötən il oktyabrın 10-da İspaniya yığmasına qarşı oyunda debüt edib. Bu il mayın 29-da Rumıniya ilə yoxlama oyununda isə 2-ci oyununa çıxan futbolçu qol vurmaqla yığma komanda tarixində Andrey Şevçenkonun rekordunu yeniləyərək qol vuran ən gənc futbolçu adını özəlləşdirib.  
Bartoş Kapustka (Polşa) Doğum tarixi: 23.12.1996 Boyu: 179 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 2,5 milyon avro Avro-2016: 4 oyun, 3 sarı Bartoş Polşanın Tarnuve şəhərindəndir. İlk komandası yerli "Tarnoviya" olub. Peşəkar müstəvidə "Krakoviya"da siftə edib. Bu, 2014-cü il martın 29-da "Lodz"la oyunda olub. Hazırda komandasının əsas heyətində möhkəmlənən futbolçu Polşanın bütün yaş qrupu millilərində oynayıb. Əsas komandada ötən il sentyabrın 7-də Hibraltara qarşı yoldaşlıq matçında ilk oyununa çıxıb və qol da vurmağa imkan tapıb.  
Breel Embolo (İsveçrə)  Doğum tarixi: 14.02.1997 Boyu: 185 sm Mövqeyi: Hücum Qiyməti: 20 milyon avro Avro-2016: 4 oyun Müasir futbolun ən istedadlı gənclərindən biri hesab edilən Breel Embolo Kamerunun paytaxtı Yaundedə dünyaya gəlib. Daha sonra ailəsi ilə İsveçrəyə göçüb. Futbola 2006-cı ildə "Nordştern"də başlayıb. Ardınca "Old Boyz" və "Bazel"in gənclər komandasında oynayıb. 2014-cü ildən "Bazel"in əsas komandasının şərəfini qoruyur, 61 oyunda 21 qol vurub. 2 dəfə İsveçrə çempionudur. İsveçrənin U-16, U-17 və U-21 komandalarının heyətində 14 oyun keçirib. Əsas yığmada 2015-ci il martın 31-də ABŞ-la yoxlama matçında ilk oyununa çıxıb. Avro-2016-nın final mərhələsinə kimi yığmada 10 oyun keçirib, 1 qol vurub.Ante Çoriç (Xorvatiya) Doğum tarixi: 14.04.1997 Boyu: 178 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 7 milyon avro Avro-2016: oynamayıb Ante peşəkar futbolçu Yosip Çoriçin kiçik qardaşıdır. Xorvatiyanın "Xrvatski", "Zaqreb", Avstriyanın "Zalsburq" və yenə də ölkəsinin "Dinamo" (Zaqreb) klublarının gənclərdən ibarət komandalarında oynayıb. 2014-cü ildən "Dinamo"nun əsas komandasının futbolçusudur. İkiqat Xorvatiya çempionu və 2 dəfə ölkə kubokunun qalibi olan Ante ölkəsinin bütün yaş qrupları üzrə yığmasında oynayıb. Bu il mayın 27-də Moldova ilə yoxlama oyununda əsas millidə ilk dəfə meydana çıxıb.  
Emre Mor (Türkiyə) Doğum tarixi: 24.07.1997 Boyu: 168 sm Mövqeyi: Hücum Qiyməti: 1 milyon avro Avro-2016: 2 oyun, 1 məhsuldar ötürmə Emre Kopenhagendə türk immiqrantların ailəsində dünyaya gəlib. Futbola "Brenshey" klubunda başlayıb. Daha sonra "Lünqbü"yə, 2015-ci ildə isə "Nordşelland"a keçib. Danimarkanın aşağı yaşlı yığmalarında 22 oyun keçirib. Bu ilin əvvəlində Türkiyə millisində oynamaq istədiyini bildirib və martda komandaya cəlb olunub. Yüksək texnikaya malik futbolçu oyunu ilə tez bir zamanda özündən söz etdirə bilib. Bir çox top-komandaların diqqətini üzərinə cəlb edən futbolçunun Avro-2016-dan əvvəl "Borussiya"ya (Dortmund) transfer edilib. Əsas yığmada mayın 29-da Çernoqoriya ilə oyunda debüt edib. Türk futbolunun gələcəyi hesab olunan Moru hətta Messi ilə müqayisə edənlər də tapılır.  
Renatu Sanşeş (Portuqaliya) Doğum tarixi: 18.08.1997 Boyu: 173 sm Mövqeyi: Yarımmüdafiə Qiyməti: 35 milyon avro Avro-2016: 6 oyun, 1 qol, Avropa çempionu  Portuqaliya futbolunun gənc istedadı "Benfika"nın yetirməsidir. Ötən il oktyabrın 30-da "Tondela"ya qarşı matçda Portuqaliya çempionatında, noyabrın 25-də isə "Astana" ilə qarşılaşmada ÇL-də ilk oyununa çıxıb. İlk ilindəcə Portuqaliya çempionu olan Sanşeş mayın 10-da "Bavariya"ya transfer olunub. Bu il martın 26-da Bolqarıstan ilə yoldaşlıq oyununda əsas yığmada debüt edib. Buna kimi isə ölkəsinin aşağı yaş qruplarından ibarət millilərinin əsas heyət futbolçusu idi.  
Markus Reşford (İngiltərə) Doğum tarixi: 31.10.1997 Boyu: 180 sm Mövqeyi: Hücum Qiyməti: 6 milyon avro Avro-2016: 2 oyun Avro-2016-nın ən gənc futbolçusu olan Markus futbolla 5 yaşından məşğul olur. İlk komandası "Fletçer Moss Reyncers" olub. 2005-ci ildə "Mançester Yunayted"in futbol akademiyasına cəlb edilib. Bu il fevralın 25-də ÇL-da "Midtyuland"la oyunda əsas komandada ilk dəfə meydana çıxan Reşford 2 qol vurmaqla rekorda imza atıb. Belə ki, o, klub tarixində avrokuboklarda qol vuran ən gənc futbolçu adını Çorc Bestin "əlindən alıb". 3 gün sonra "Arsenal"la matçda Premyer Liqada da siftə edən Markus İngiltərənin U-16, U-18 və U-20 yığmalarında oynayıb. Mayın 27-də Avstraliya ilə oyunda əsas millidə ilk dəfə oynayan hücumçu matçın 138-ci dəqiqəsində qol vurmaqla daha bir rekorda imza atıb. Bu dəfə o, yığmada qol vuran ən gənc futbolçu kimi Timmi Loutonun rekordunu yeniləyib. Yeri gəlmişkən, Avro-2016-da Uelslə oyunda meydana çıxmaqla Reşford Ueyn Runinin də rekordunu kölgədə qoyub. Belə ki, o, Avropa çempionatlarının final mərhələsində İngiltərə yığmasının heyətində meydana çıxan ən gənc futbolçu olub.
Hazırladı: SÜLEYMAN "Het-trik news” qəzeti
P.S. Futbolçuların transfer qiymətləri transfermarkt.com-un iyunun 1-ə olan məlumatına əsasən göstərilib.  
 
                                                                           Latış əsilli "Titan"  
Dünya futbolunu Almaniyasız təsəvvür etmək mümkün deyil. Almaniya yığması və alman klubları həmişə öz dəst-xətləri ilə seçiliblər, futbola yüzlərlə ulduz bəxş ediblər. Frans Bekkenbauer, Herd Müller, Lotar Matteus, Mixael Ballak, Andreas Köpke, Mixael Şumaxer... Onların hamısı karyeralarını bitirsələr də, bu gün də ehtiramla xatırlanırlar. Belə futbolçulardan biri də Oliver Kandır. İyunun 15-də Almaniya millisinin və "Bavariya"nın sabiq qapıçısının 47 yaşı tamam oldu. Bu üzdən ötən sayımızın posteri Oliver Kan idi. Onun haqqında yazını söz verdiyimiz kimi bu sayımızda dərc edirik.  Oliver Rolf Kan 1969-cu il iyunun 15-də Amaniyanın Fransa ilə sərhəddində, Reyn çayının sahilində yerləşən Karlsrue şəhərində dünyaya gəlib. Oliverin ata babası latış olub. Atası Ralf Latviyanın Liepaye şəhərində dünyaya gəlib. Uşaq vaxtı çənəsinin düzgün inkişaf etməməsi səbəbindən danışmaqda çətinlik çəkən Oliveri çoxları anlaya bilmirdi. Bu, hərdən yadışları arasında onun məsxərəyə qoyulması ilə nəticələnirdi. Çox vaxt onlara fikir verməyən balaca Oliver hərdən yumruqları ilə ona lağ eləyənlərin cavabını verirdi. Ralf Kan peşəkar futbolçu idi. O, 1962-65-ci illərdə "Karlsrue"də oynamışdı. Məhz atasının futbolçu olması Oliverin gələcək həyatına təsir göstərib. Atasının istəyi ilə idmanın bu sahəsinə qədəm qoyan balaca Kan ilk vaxtlar qapıda dayanmırmış. Bu mövqedə sonradan oynayıb.    "Karlsrue" Oliver Kanın ilk peşəkar klubu doğma şəhərinin eyniadlı komandası olub. 19 yaşında əsas komandaya düşən qapıçı daha çox ehtiyatda qalırdı. Onun "Karlsrue"də ilk oyunu faciəvi alınıb. "Köln" ilə matçda rəqib Kanın qoruduğu qapıdan 4 top keçirib. Əsas qapıçı Aleksandr Famullanın cəzalanması səbəbindən ilk mövsümdə cəmi 3 oyunda qapını qoruyan Kan ümumilikdə 9 qol buraxıb ki, bu da çox pis nəticə idi. Üstəlik, azarkeşlərlə söz davasına çıxması da onun əleyhinə işləyən amillərdən idi. Gözləmək olardı ki, bu nəticədən sonra Kan komandadan göndəriləcək. Lakin ehtiyat qapıçının olmaması onun işinə yarayıb. Qəhrəmanımız "Karlsrue"də 7 mövsüm oynayıb və hansısa nailiyyət qazanmayıb. Onun bütün uğurları başqa komandanın adı ilə bağlı olacaqdı. Statistikaya gəldikdə, bu komandada keçirdiyi 140 oyunda qapısında 187 top görüb. "Karlsrue"nin əvəzedici komandasında keçirdiyi oyunların sayı isə 73-cür. "Bavariya" 1994-cü ilin yayında "Bavariya" rəhbərliyi 4,6 milyon marka qarşılığında Kanı transfer etdi. Oliver həmin vaxt Raymond Aumannın əvəzləyicisi kimi komandaya götürülmüşdü. "Bavariya"ya keçiddən sonra dizindən ağır zədələnən qapıçı yarım ilə yaxın futbolsuz qalsa da, dönüşü uğurlu alındı. Növbəti mövsüm o, artıq, komandanın əsas qapıçısı idi. Kanın "Bavariya" karyerası haqqında geniş yazmağa ehtiyac görmürük. Onun statistikasına, qazandığı uğurlara nəzər salsaq, necə bir qapıçı olduğunun şahidi olarıq. Kan peşəkar karyerası ərzində 864 oyunda qapıda dayanıb. Onlardan 554-ü Bundesliqada, 141-i avrokuboklarda və 86-ı millidə olub. Avrokuboklarda 34 oyunda qapısını toxunulmaz saxlaya bilib. Bundesliqada belə oyunların sayı isə 188-dir. Yeri gəlmişkən, Kan 803 dəqiqə qapısını toxunulmaz saxlamaqla Bundesliqa tarixində 2-ci göstəriciyə sahibdir. Üçüncülük də ona məxsusdur - 736 dəqiqə.  Kan karyerasını rəsmən 2 sentyabr 2008-ci ildə başa vurub. Onun şərəfinə Almaniya yığması ilə təşkil edilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Oyunun 33-cü dəqiqəsində Traxovski Oliver Kanın sonuncu qolunu buraxmasına səbəb olan qolu vurmuş, 51-ci dəqiqədə isə Kloze hesabda tarazlığı bərpa etmişdi - 1:1. Matçın 75-ci dəqiqəsində baş hakim Markus Merk oyunu dayandırmış və Kan azarkeşlərlə vidalaşaraq meydanı tərk etmişdi. Bu dəfə birdəfəlik.   Almaniya millisi Kan 1994-cü il dünya çempionatında iştirak edən Almaniya yığmasının heyətinə daxil edilsə də, dizindəki zədə səbəbindən ABŞ-a yollana bilməmişdi. Onun yığmada debütü 23 iyul 1995-ci ilə təsadüf edir. Həmin oyunda rəqib İsveçrə idi və matç almanların qələbəsi ilə başa çatmışdı - 2:1. Avro-1996 və DÇ-1998-in final mərhələlərində siyahıya salınsa da, heç bir oyunda iştirak etməyib. Səbəb isə qapıda Andreas Köpke kimi təcrübəli qapıçının olması idi. Məhz Köpkenin millidən gedişindən sonra Kan Almaniyanın əsas qapıçısı oldu. 2000-ci ildə isə Oliver Birhoffun karyerasını bitirməsindən sonra Almaniya millisinin kapitanı seçildi. O, millidə son oyununu 2006-cı il iyulun 8-də Portuqaliyaya qarşı keçirib. Dünya çempionatında 3-cü yer uğrundakı həmin matç almanların qələbəsi ilə başa çatmışdı - 3:1. Ümumilikdə, Kan Almaniya yığmasının heyətində 86 oyunda iştirak edib və qapısında 71 qol görüb.  Şəxsi həyatı 1999-cu ildə Simone adlı xanımla ailə həyatı qurub. Cütlüyün 2 övladı var - Katrina-Mariya (28 dekabr, 1998) və Devid (7 mart, 2003). 2003-cü ildə Simone ilə ayrılan Oliver 2009-cu ildə onunla yenidən bir araya gəlsə də, bu dəfəki barışıq cəmi bir neçə ay çəkib. 2011-ci il iyulun 8-də 2-ci dəfə evlənən Kanın bu dəfəki seçimi rəfiqəsi Svenya idi. Onların Culian adlı (1 fevral, 2011) oğlu var.  Nailiyyətləri: "Bavariya": 8 dəfə Almaniya çempionu, 6 dəfə Almaniya Kubokunun, 5 dəfə Liqa Kubokunun, 1 dəfə UEFA Kubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə isə Qitələrarası Kubokun qalibi. Almaniya millisi: Avropa çempionu (1996), DÇ-nın gümüş (2002) və bürünc (2006) mükafatçısı. Şəxsi: 3 dəfə dünyanın, 3 dəfə Avropanın, 5 dəfə Bundesliqanın ən yaxşı  qapıçısı, 2 dəfə Almaniyanın ən yaxşı futbolçusu, DÇ-2002-nin ən yaxşı futbolçusu. FİFA-nın "100 ən yaxşı futbolçu"su siyahısına daxil edilib.  Maraqlı faktlar: - 1991-ci ildə "Karlsrue"də olarkən o vaxt üçün ən tez qol Kanın qapısına vurulub. "Sankt-Pauli" ilə oyunun 12,1-ci saniyəsində Oliver qapısında qol görüb. Bu, hazırda Bundesliqa tarixində 6-cı nəticədir. - 2008-ci ildə işıq üzü görmüş "Uğur daxildən gəlir" avtobioqrafik kitabının müəllifidir. - Hazırda alman telekanalları ilə əməkdaşlıq edir, Bundesliqa və yığmanın oyunlarına şərh verir. - Madam Tüsso muzeyində Oliver Kanın mum fiquru nümayiş olunur. - Qəzəbli və qorxunc görünüşünə görə azarkeşlər ona "Titan" ləqəbini veriblər. - 2011-ci ilin aprelində vergidən yayındığına görə məhkəmə tərəfindən 125 min avro cərimələnib. - Qolf oynamağı sevir və boş vaxtlarını qolf meydanında keçirir.  
Hazırladı: AZƏR "Het-trik news” qəzeti
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Oxşar xəbərlər

Bü gün Anatoli Banişevskinin doğum günüdür
Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
Joze Mourinyonun sevimli futbolçusu - YAZI
Azərbaycanla bağlılığı olan məşhur futbolçular - FOTO
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər