reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin ziyafətinə nə qədər xərc çəkilib?


Mehman Rəsulov: "Klub tərəfindən yalnız bu cür xərclər qarşılanmışdı”

80 illiyində tarixinin ən ağır günlərini yaşamasına baxmayaraq, "Neftçi” rəhbərliyi yubileyə xüsusi önəm verir. Bu günə qədər artıq üç belə tədbir baş tutub. Birincisinə "Bakcell Arena”da tamaşa etmişdik. Martın 18-də, "İnter”lə oyun zamanı meydana ayaq basan futbolçular keçmiş illərin formasını geymişdi. Yaxalarındakı gerb də klubun ilk gerbi idi. Hətta PFL-in marşı əvəzinə ötənlərin marşı səsləndirilmişdi. Nostalji hisslərə qapıldığımız həmin zaman kəsiyinin kifayət qədər maraqlı alındığına şübhə yoxdu. Növbəti ziyafət martın 30-na təsadüf etmişdi. Bu dəfə jurnalistlər üçün qapalı olan mərasim Bakı Əyləncə Mərkəzində keçirilmişdi. Nikolay Boqdanov, Yuri Romenski, Vitali Şevçenko, Nikolay Smolnikov kimi "Neftçi”nin veteran futbolçuları da həmin gün əl qaldırıb oynayan, badə qaldırıb sağlıq deyənlər arasındaydı. Sonuncu belə tədbir aprelin 22-nə təsadüf etdi. Əsas diqqəti komandanın çıxışına yox, başqa amillərə yönəldən klub rəhbərliyi bu dəfə muzey və fanşopun açılışını etdi. Xüsusi qonaqlar dəvət olundu, yaradılan şərait qonaqlara təqdim olundu. Bununla işimiz yoxdu.
Əldə etdiyimiz məlumat martın 30-dakı ziyafətlə bağlıdı. Belə ki, büdcəyə qənaət etdiyini, şəffaflığı əldə əsas tutduğunu deyən rəhbərliyin Bakı Əyləncə Mərkəzindəki tədbirə 100 min manatdan artıq xərc çəkdiyi deyilir. Daha doğrusu, sponsorlara məhz bu məbləğdə pul xərcləndiyi haqda məlumat verilib. Bu da orta səviyyəli futbolçunun birillik qazancı deməkdi. Yəni həmin vəsaitlə komandada hansısa mövqeyi gücləndirmək olardı. Sual yarana bilər: 200-250 qonağın iştirak etdiyi məclisdə o qədər pul nəyə xərclənib? Restoranda bir yerin qiymətinin 60-70 manat olduğunu nəzərə alsaq, ümumi xərc 15 min manatı keçməməlidi. Başqa nəyə pul xərclənib ki? Mənbəmiz sualın cavabını belə əsaslandırdı ki, ölkə xaricindən dəvət olunan veteranların hər birinin gediş-gəliş parasından başqa, onlara paketdə pul təqdim olunub. Həmin məbləğ isə ya 5, ya da 10 min manat olub. Belə olubsa, o zaman 100 yox, 150 min pul silinməsi normaldı. Amma qəbulolunmazdı.
Məsələyə aydınlıq gətirmək üçün klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərli Mehman Rəsulovun fikirlərini öyrənməyi lazım bildik. Sözçü məlumatın doğru olduğunu təsdiqləmədi: "Sizə verilən bilgi heç bir əsası olmayan fikirdi. Veteranların heç birinə pul verilməyib. Onların gəliş-gedişi, həmçinin məskunlaşması üçün hər cür şərait yaradılmışdı. Klub tərəfindən yalnız bu cür xərclər qarşılanmışdı. Qonaqlar uzun fasilədən sonra Bakıya təşrif buyurub paytaxtımızı gəzdilər,ziyafətə qatıldılar, həmçinin "Neftçi” – "Qarabağ” oyununu izlədilər. Bu cür şərait yaradılıbsa, veteranlara niyə pul verilməlidi? Niyə verilməlidi? Məlumatı sizə kim verib, bilmirəm. Amma heç bir əsası yoxdu, həqiqəti əks etdirmir”.
 
HƏBİB, Futbol+ qəzeti

Oxşar xəbərlər

“Neftçi” azarkeşlərinə müraciət ünvanladı
“Neftçi” gülməli bəyanat yaydı
"Onların ayırdığı vəsaitlə bu gün klubu ayaqüstə saxlamaq çox çətindir" - Zaur Əzizov
"İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar” - Veteran futbolçudan açıqlama
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər