İstedad itə bilməz, onu ancaq Azərbaycanda "itirə" bilərlər! -Uruqvaya boylanarkən
Uruqvay Futbol Federasiyası Dünya Çempionatına gedəcək futbolçuların adlarını açıqlayıb. Bəli, bu o Uruqvay millisidirki, dünyanın ən titullu komandalarındandır. 1930 və 1950-ci illərdə dünya kubokunu başı üzərinə qaldıran "Selesta" dünyada bu uğuru qazanan əhalisi ən azsaylı ölkədir. 2 dəfə olimpiya qızılını qazanan bu Cənubi Amerika ölkəsində cəmi 3 milyon 480 min əhali yaşayır. Yəni Azərbaycan əhalisindən təqribən 3 dəfə az. Di gəl ki, Uruqvay daim dünyaya adlı-sanlı futbolçular bəxş edir, qonşuluğunda olan nəhəng Braziliya və Argentina ilə bu sahədə rəqabət aparır. Uruqvayın Qətərdəki dünya çempionatında mücadilə edəcək heyətində Muslera, Kavani, Velverde, Suares, Nunyes kimi ulduz isimlər də var. Məhz buna görə onları əbəs yerə mundialın favoritlərindən biri hesab etmirlər. Bəs, necə olur ki, cəmi üç milyon yarım əhalisi olan Uruqvay dünyaya belə ulduzlar bəxş edir, biz isə hazırda Zaqreb "Dinamo"sunda ehtiyatda qalan Mahir Emrelinin ümidinə qalmışıq. Niyə də, niyə?
Bir-bir sadalayım, sizlərin də xəbəri olsun. 1. Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı vahid bir proqram yoxdur. Sovet dönəmində olan adət-ənənə it-bat olub. Ondan sonra isə hərə bir sistemlə çalışıb. Belə görünür ki, çalışılan sistemlərin heç biri effekt verməyib. Demək bu sahədə bizə və mentalitetimizə uyğun(bu çox önəmlidi) bir modeldən istifadə etmək lazımdı. İndiki halda Gürcüstanın təcrübəsini tətbiq etmək olar. Almandan, hollanddan yapışmaq lazım deyil, onlar bizlik deyil. Azərbaycan futbolunda heç bir zaman Almaniyada və Niderlandda olan futbol infrastrukturu olmayıb və olmayacaq. 2. Uşaq futbolu təkcə Bakıda cəmlənməməlidir, bu işi əsas bölgələrə yaymaq lazımdı. Bölgə olmasa, futbol olmayacaq, bu birmənalı belədir. Uşaq futbolunun bölgədə olması deyəndə, AFFA-nın orda aparıb ayağı "sapoqlu" uşaqlara top paylamasını demirəm ha, səhv salmayın. O gözdən pərdə asmaqdır. 3. Ölkədə fəaliyyət göstərən bütün futbol məktəblərinə, akademiyalara şərait yaradılmalı, inventar və formalar paylanılmalı, nəzarət edilməlidir. Unutmayın ki, yaxşı futbolçuların əksəriyyəti elə futbol məktəblərindən çıxır. 4. Ölkənin hər yerində uşaq yarışları təbii örtüklü meydançalarda keçirilməlidir. Premyer Liqa, Birinci Divizion, Region Liqası da həmçinin. 5. Bölgələrdə olan uşaq-futbol komandalarının Bakıdakı turnirlərdə və beynəlxalq yarışlarda iştirakı təmin edilməlidir. Yoxsa, Bakıda pulu olan gedir, qalanlar isə boynunu bükərək onlara baxır. Zəhmət çəksin AFFA bu işi təşkil etsin. Yoxsa, elə bilirlər ki, Hövsanda yarış keçirməklə işləri bitib. 6. U-10, U-11, U-12 kimi şərti adları olan komandalar yaradılmalı, istedadlı uşaqlar həmin komandaların məşqlərinə cəlb edilməli, oyunlar keçirilməlidir. Həmin komandalar cəlb edilən uşaqların itib-batmaması üçün onlar nəzarətdə saxlanılmalıdır. Çünki istedad itə bilməz, onu ancaq Azərbaycanda "itirə" bilərlər.
Bu bizim xəstə futbolumuzun müalicəsi üçün lazım olan dərmanların 10 faizi belə deyil, amma nədənsə başlamaq lazımdı.
Ürək ağrısı ilə qələmə alan Araz Əhmədov
Oxşar xəbərlər
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası