reklam
Millimizin sabiq hücumçusu:
Sportfm.az xəbər saytı

Millimizin sabiq hücumçusu:“Latsio” klubunda tibbi müayinədən keçməli, daha sonra müqavilə imzalamalı idim


2004-cü ildə Avropa Çempionatının seçmə qrup mərhələsində İtaliya yığmasıyla səfərdəki oyun öncəsi qəzaya düşdüm. Təəssüf ki, oyuna gedə bilmədim. Halbuki “Latsio” klubunda tibbi müayinədən keçməli, daha sonra müqavilə imzalamalı idim. Amma…

Bu sözləri müsahibəsində Azərbaycan milli futbol komandasının veteran futbolçularından olan, “Vətən” Futbol Məktəbinin 16 yaşlılardan ibarət komandasının baş məşqçisi Fərrux İsmayılov deyib. Müsahibəni təqdim edirik.

Köhnə futbolçularla oturub-durmuram

- Fərrux bəy, futbola gəlişiniz nə qədər səsli-küylü oldusa, gedişiniz bir o qədər səssiz baş verdi…

- Mənim atam da futbolçu olub. Babam imkan verməyib ki, bu yolu axıracan getsin. Kiçik qardaşım da futbolçu idi. Dizindən zədə aldığına görə karyerasını bitirməli oldu. Yəni bizim nəsildə futbola həvəs var. Karyeramın başlanğıcında tanındım, üzərimə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışdım və Azərbaycan səviyyəsində futbolçu oldum.

Futboldan getməyimə gəlincə, mənə çox təklif etdilər ki, vida oyunu keçirək, istəmədim. Ümumiyyətlə, xaraktercə qapalı insanam. Mediadan da uzağam, köhnə futbolçularla da çox oturub-durmuram.

- Səbəb nədir? Bəlkə aranızda inciklik var?

- Xeyr, heç kəslə inciklik yoxdur. Əksinə, hamıya hörmət edirəm, hamı da mənə hörmət edir. Sadəcə, yenə deyirəm, bu mənim xarakterimdir. Hətta futbol oynadığım vaxtlarda da belə idim. Gedib çayxanada oturmaq mənlik deyil. Sabah bir söhbət yayılır, deyirlər ki, orda kimlər var idi, sənin də adın hallanır. Belə şeylərin olmaması üçün səhər gəlirəm məşqimi keçirəm, axşam da ailəmin yanına qayıdıram.

Ramil Şeydayev o səviyyədə futbolçu deyil

- Sizin vaxtınızda hücum xəttində bir neçə istedadlı futbolçumuz var idi. Qurban Qurbanov, Samir Əliyev, Vadim Vasilyev, Zaur Tağızadə və siz. Aranızdakı rəqabət sağlam rəqabət idi, yoxsa müəyyən qalmaqallar olurdu?

- Mən heç bir problem görməmişəm. Həmişə sağlam rəqabət görmüşəm. O vaxt milli komandada hücum xəttinə 6 futbolçu çağrılırdı. 6 futbolçu 1 yer uğrunda mübarizə aparmalı idi. Ona görə də məşqçi planını bu yöndə qururdu, hücum futbolu oynadırdı ki, qıraqda qalmayaq. İndi hücum xəttinə bir oyunçu da tapmaq mümkün deyil.

- Problem nədir? Nəzərə alsaq ki, siz azyaşlılarla çalışırsız, problemin kökünə daha yaxınsız. Niyə hücumçu yetişmir?

- Vallah, indiki dövrdə texnologiya uşaqların evini yıxıb. İnternetdən, kompüterdən başları açılmır. İstedadlı uşaqlar var, milli yığmaya çağrılacaq səviyyədədirlər, ancaq baxırsan ki, fırıldaqçılıq edirlər, məşqlərdən yayınmağa çalışırlar. Yəni uşaqlarla işləmək çox çətindir. Buna baxmayaraq, həzz alıram.

- Bu gün millimizin cəmi bir hücumçusu var - Ramil Şeydayev. O da "Zenit" futbol akademiyasının yetirməsidir.

- Heç Ramil də o səviyyədə futbolçu deyil.

Çempionatın bombardiri tələbəmdir

- Deyirsiz ki, indiki uşaqlar daha çox internetə vaxt ayırır. Valideynlər uşaqlarını gətirəndə daha çox onların istəyini nəzərə alırsız, yoxsa uşağın öz həvəsini?

- Uşaq gələndə bir futbolçu kimi diqqətlə nəzərdən keçirirəm. Onun topla davranışına baxanda hiss edirəm ki, ondan futbolçu olar, yoxsa yox. Əks halda valideyninə deyirəm ki, bu uşaq yalandan gəlir, aparın təhsil alsın, başqa sahəyə meyillənsin.

Mənim baş məşqçilik etdiyim yaş qrupu “Vətən” Futbol Məktəbinin 16 yaşlılardan ibarət yığmasıdır. Aşağı yaş qrupları da var. Onların da arasında istedadlıları var. Elə uşaqlar olan kimi yığmaya , gətirirəm.

- Elə uşaqlar varmı ki, gələcəkdə onları milli komandada görə bilərik?

- Var. Hazırda çempionatın bombardiridir. Mənim öz tələbəmdir, 8 yaşından yanımdadır.

- Adı nədir?

- Emil Quluzadə. Emildən başqa bir neçə uşağı da bura gətirmişəm. Amma heç biri Emil qədər deyil. Ağlına da, ötürmələrinə də, zərbələrinə də həsəd aparıram. Allah vergisidir. Çox istedadlı futbolçudur. Eyni zamanda çox tərbiyəli, qanacaqlı uşaqdır. Sanki böyük kişidir.

“Latsio”nun skautları Bakıya gəlmişdi

- Sizin karyeranız necə, millidə daha uğurlu alındı, yoxsa klublarda?

- Millidə də, klublarda da uğurlu olub. Bilirsiz ki, legioner həyatı da yaşamışam. Ukraynada da yaxşı oyunlarım olub. Bura gələndə “Karvan”da, “Neftçi”də oynayan vaxtlarda yaxşı formada idim. Sadəcə, bir məqam var ki, klubda nə qədər yaxşı oyun göstərsən də, millidə vurduğun bir qolun yerini vermir. Cəmi bir qol bütün karyerana təsir edir. Səhər görürsən ki, bütün qəzetlərdə, saytlarda səndən yazırlar, hər yerdə səndən danışırlar.

Millidə də uğurlu oyunlarım olub. Finlandiyaya, Makedoniyaya qarşı oyunlarda yaxşı oynamışam. 2004-cü ildə Avropa Çempionatının seçmə qrup mərhələsində İtaliya yığmasıyla səfərdəki oyun öncəsi qəzaya düşdüm. Təəssüf ki, oyuna gedə bilmədim. Halbuki “Latsio” klubunda tibbi müayinədən keçməli, daha sonra müqavilə imzalamalı idim. Çünki İtaliyayla ev oyunumuzda “Latsio”nun skautları məni izləmək üçün Bakıya gəlmişdilər, rəhbərliklə danışmışdılar və İtaliyaya gedəndə mən orda qalmalı idim. Amma iş elə gətirdi ki, heç gedə bilmədim.

- Millinin oyunlarında bir məqam da diqqət çəkir. Türkiyə millisinə qarşı oyunlarda digər millilərə qarşı oyunlardan fərqli olaraq, daha əzmkar oyun göstəririk. Bunun xüsusi səbəbi varmı?

- Dost, qardaş məsələləri meydandan kənarda qalır. Nə olsun ki, qardaşıq? Elə ki oyun başladı, rəqibi düşmən kimi görürsən. Oyundan sonra yenə dostuq, qardaşıq.

Türklərin azarkeşləri də aqressivdir. Səfər oyununa gedəndə hava limanında bir qrup azarkeş qarşımızı kəsib qışqırdı ki, “Ulan, Hakana küfr edən kim idi”? Biz də o vaxtlar bilmirdik küfr nədir. Hamımız bir-birimizin üzünə baxdıq ki, görəsən, bunlar nə deyirlər? Sən demə, söyüşü nəzərdə tuturmuşlar.

- Amma düşünürəm ki, türklərə qarşı daha sərt oynamağınızın kökündə başqa səbəblər dayanır. Nə?

- Düzdür, heç bir problem yox idi, bizə hörmət edirdilər, ancaq Türkiyədə bizə çox yuxarıdan aşağı baxırdılar. İkinci dərəcəli futbolçular kimi qəbul edirdilər. İranda da həmçinin. Təsəvvür edin ki, biz İranı bəyənmirdik, onlar da bizi.
Azərbaycan-Serbiya və Çernoqoriya

- Bir az da sizi futbol azarkeşlərinə sevdirən Azərbaycan-Serbiya və Çernoqoriya maçından danışaq. Avropa Çempionatı-2004 seçmə qrup mərhələsi. Səfərdə 2-2 hesabla bitən oyuna baxmayaraq, serblərin baş məşqçisi demişdi ki, Azərbaycan qrupun autsayderidir, biz onlara rahatlıqla qalib gəlib Avropa Çempionatına gedəcəyik. Oyunun 27-ci dəqiqəsində rəqib komanda hesabı açdı. Sonra nə baş verdi?

- İlk oyunda start heyətdə meydana çıxmışdım. Ev oyunumuzda isə baş məşqçimiz Əsgər Abdullayev dedi ki, səni oyuna sonradan daxil edəcəm. Mən etiraz etdim. Dedim, necə olur ki, səfərdə start heyətdə meydana çıxıram, ev oyunumuzda yox? Əsgər müəllim isə dedi ki, planlarım başqadır, istəyirəm, birinci hissədə onlar yorulsunlar, ikinci hissədə hücum xəttini sən və Zaur Tağızadə ilə gücləndirim. İkiniz də sürətlisiz. Hətta sən qol da vuracaqsan. Yenə qəbul etmirdim.

Bir sözlə, başımı bişirdi, razılaşdım. Dediyi kimi də oldu. İkinci hissədə əvvəlcə mən meydana daxil oldum, sonra isə Zaur. Oyunun bitməyinə 5-6 dəqiqədən də az vaxt qalırdı. Qurban Qurbanov təyin olunmuş penalı dəqiq yerinə yetirdi, hesabı bərabərləşdirdik. Son saniyələrdə hava topu uğrunda mübarizədə qalib gəldim, top bizimkilərdə qaldı. Sonra Zaur Tağızadəyə ötürdülər, o da qüvvətli zərbə ilə topu qapıya vurdu.

Bu anlarda mən hücumçu kimi üzərimə düşəni etdim, qapıya tərəf qaçdım. Əvvəlcə hamımız elə bildik ki, Zaurun zərbəsindən sonra qoldu. Hətta kadrlarda var, mən ani olaraq, əllərimi qaldırıram. Sonra top dirəyə dəyib geri qayıtdı, mən də süzərək onu başla qapıdan keçirdim.

- Yəqin ki, oyundan sonra azarkeşlərin böyük dəstəyi ilə qarşılaşdız.

- Stadion tam dolmuşdu. Axıra qədər dəstək oldular. Amma oyundan sonra bəziləri mənə dedi ki, sən niyə topu havada süzərək vurdun, normal vura bilərdin də. Başa salmaq olmur ki, axı sizə nə dəxli var, mən topu necə vururam? Nə isə, belə şeylər olmasa, olmur.

Amma o vaxtkı azarkeşlərimiz möhtəşəm idi. Bütün azarkeşlər məndən tutmuş qapıçıya kimi, hamının adını əzbər bilirdi. Harda görürdülərsə, tanıyırdılar, şəkil çəkdirirdilər, avtoqraf alırdılar. Bu gün o azarkeşlər sosial şəbəkələr vasitəsilə həmin şəkilləri mənə göndərirlər.

İndi millidə elə oyunçular var ki, heç mən də tanımıram. Oyunlara azarkeş də gəlmir. Gələnlər də şikayət edirlər.

Bizdə futbolçu yetişmir

- Sizin dövrünüzdəki əzmkarlıq indi yoxdur. Razısız?

- Düzdür, biz də məğlub olurduq, ancaq rəqiblər üçün başağrısı idik, hər mövsümdə hansısa millinin evini yıxırdıq. İndi hərdən söhbət düşəndə deyirlər ki, o vaxtkı milli komanda ilə indikilər oynasa, o vaxtkılar qalib gələrlər.

- Əcnəbi futbolçuların milliləşdirilməsinə necə baxırsız?

- Özümüzdə futbolçu yetişmir. Yetişənlər də baş qaldırırlar, ulduz xəstəliyinə tutulurlar. Milliləşdirmənin də tərəfdarı deyiləm. Bir halda ki, himn oxunanda o oyunçular himnin mənası anlamırlar, sağa-sola boylanırlar.

Himn oxunanda tüklər biz-biz olmasa, oyuna necə hazır ola bilərsən axı?

Amma fikirləşəndə ki, özümüzdə yaxşı futbolçular azdı, neyləmək olar, Riçard Almeyda, Nazarov kimi futbolçulardan istifadə edə bilərik. Sadəcə, başa düşə bilmirəm, niyə özümüz yetişdirmirik, niyə klublarımızdan yaxşı futbolçular çıxmır?

- Günahkar kimdir?

- Biz. Bu gün Azərbaycan futbolunda nə qədər futbol adamları varsa, onlar. Hamımız. Qıraqdan gələnləri demirəm ha. Yerli futbol mütəxəssislərimiz günahkardır ki, qıraqdan gələnlərə ehtiyac duyuruq. Ona görə də futbolumuz bu gündədir.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər

"Bölgə futbolu olmasa, acınacaqlı vəziyyətdə qalacağıq” - Rövşən Babayev
"Komanda olaraq qarşımıza konkret hədəf qoyulmayıb" - Elvin Məmmədov
“Hazır olmayan futbolçular çağırılıb milliyə” - Emin Quliyev
“Dedim ki, Kazbek müəllim...” - “Unuda bilmədiyimiz oyun”
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər