"Biz bu təklifin üzərində dayandıq, Budağı da istəyən var"
FİFA meneceri Vaqif Heydərli müsahibə verib. Sportfm.az həmin müsahibəni təqdim edir.
Portuqaliyadan 2 klubla - «Portu» və «Sportinq»lə xeyli müddətdi əməkdaşlıq etdiyinizi bilirik. Yaxınlarda «Slaviya» ilə münasibətlər qurduz və bir neçə futbolçumuzu Çexiyaya apardız. Perspektivdə başqa klublar varmı?
- Əlbəttə, dediyiniz klublarla əməkdaşlıq bu və ya digər şəkildə davam edir. Digər potensiallı futbolçularımızı da normal olaraq onlara təklif eləmişik. Bəzilərinin üzərində real iş gedir. Bəzisini də araşdırırlar, öyrənməyə çalışırlar. İnşallah, yaxınlarda əməli iş olanda, bu barədə məlumat veriləcək. Başqa ölkələr və başqa klublar da var və onlarla da müəyyən istiqamətlərdə danışıqlar gedir. Yəqin ki, pozitiv nəticələr olacaq.
Fərid Nəbiyevlə bağlı problem nə yerdə qalıb?
- “Slaviya” ilə 3 illik müqavilə bağlayan Fərid Nəbiyevin üzləşdiyi problem işçi vizasıyla bağlıdı və o, ğir müddətdi bu səbəbdən Çexiyaya qayıda bilmir. Martın 27-də Fəridin sənədlərinə baxılacaq. Ondan sonra bəlli olacaq ki, ona nə vaxt Çexiyaya dönmək izni veriləcək. İcarə variantına gəlincə, Fəridlə maraqlanan klub çoxdu. Ancaq bir məsələ var ki, hamısı “Slaviya”nın oyunçusunu ən azı qışa qədər icarəyə götürmək istəyir. Bu isə nə kluba, nə də bizə sərf edir. Bu üzdən tələsik qərar vermək istəmirik. Sənədləşmə ilə bağlı problem ləngiyəcəyi halda, başqa variantları gözdən keçirəcəyik. Ola bilsin, Nəbiyev yaya qədər Avropanın başqa ölkəsində aşağı dəstədə çıxış edən klublardan birinin şərəfini qorudu. Fəridin yetirməsi olduğu “Qəbələ“yə dönməsinə gəlincə, bu variant gözdən keçirilmir. Ümumiyyətlə, qarşıdakı bir neçə ildə Azərbaycana qayıtmasının əleyhinəyəm və məqsədim onu Avropada saxlamaqdı. Hazırda Belarus və Gürcüstanın bəzi klubları Fəridə maraq göstərir. Danışıqlar belə davam etsə, o, qarşıdakı 2 ayı icarə əsasında bu ölkələrdən birində keçirəcək. Sonra isə «Slaviya»ya dönəcəyi dəqiqdi.
Bu dəfə əsas komandaya?
- Fərid Nəbiyevi «Slaviya»nın əsas komandasında da görə bilərik. Çexlər gələcək perspektiv üçün onu başqa bir yerə icarəyə də verə bilər. Bu, zaman məsələsidi. Fərid bu cür inkişaf etdikcə, onlar da olacaq. Açığı, «Slaviya» rəhbərliyinin və məşqçilərinin Fəridə simpatiyası böyükdü, inanırlar ki, öz üzərində işləsə, gələcəkdə daha da yaxşı futbolçu ola bilər. Onun bunun üçün potensialı var.
Rövlan Muradovu necə, irəlidə belə bir problem gözləmir ki?
- O da Çexiyaya 90 günlük «turistik viza»yla yollanıb. Rövlanın vizasının bitməsinə hələ xeyli qalıb. Bu məsələlər klub tərəfindən həll olunur. Çalışacağıq ki, o, Fəridin problemiylə üzləşməsin. Çexiyada, ümumiyyətlə, sənədləşmə işləri bir başqa cür görülür. Burda tələblər çoxdu. Ona görə də işçi vizasının alınması xeyli zaman alır.
Son vaxtlar AFFA ilə əlaqələriniz genişlənib. Millinin ölkə xaricində keçirdiyi oyunları və təlim-məşq toplanışları yerində izləyir, beləliklə də, futbolçuları yaxından diqqət mərkəzində saxlayırsız. AFFA-nın ştatında olan başqa menecerlər də var, ancaq maraqlıdı ki, onların heç biri gənclərimizi Avropa klublarına apara bilmir.
- AFFA ilə əməkdaşlıq deyəndə, federasiyanın bu sahə üzrə aidiyyatlı şəxsləri ümumi işin xeyiri üçün öz üzərlərinə düşən işi görür və əlindən gələn köməkliyi əsirgəmir. Nə köməklik lazım olursa, dəstək verirlər. Biz də, təbii ki, çalışırıq həm mili komandaların futbolçuları, həm də millilərə namizədlər legioner həyatı yaşasın. Çünki xaricdə oynayıb səviyyələrini artırırlar və milliyə daha daha çox fayda verməyə başlayırlar. Mən öz işimlə bağlı nəyi isə deyə və danışa bilərəm. Digərləriylə bağlı nə deyə bilərəm ki, kim hansı işi görür, yaxud görmür və ya görməlidi. Bu barədə mənim nəsə deməyim doğru deyil.
«Qəbələ»nin yetirməsi Rövlan Muradov yaxınlarda «Slaviya» ilə 6 aylıq müqavilə imzaladı. Niyə çexlər uzunmüddətli yox, yarım illik icarə sözləşməsi bağladı?
- Bildiyiniz kimi, o, bir müddət baxışda oldu. Sonda müxtəlif təklifləri var idi. Biz isə bu təklifin üzərində dayandıq. Başqa şərtlərlə birbaşa müqavilə də ola bilərdi. Yaxud 6 aylıq icarə müqaviləsi ola bilərdi. Ümumi müzakirələrdən sonra qərara gəldik ki, bu, həm klub, həm də futbolçunun özü üçün ən doğru variantdı.
Muradovdan fərqli, «Qəbələ»nin digər yetirmələri – Amin Seyidəliyevlə Samir Qurbanov geri qayıtdı…
- «Slaviya»nın 21 yaşlılardan ibarət komandasında futbolçunun yaşına və daha çox hansı mövqelərdə yeniliyə ehtiyac varsa, ona xüsusi diqqət yetirirlər. Bizim futbolçular 98-ci ildi. Yəqin ki, Amin Seydəliyev onları o səviyyədə qane etmədiyi üçün belə bir qərara gəldilər. Amma Aminlə bağlı araşdırmalarımız davam edir, istəyirik ki, o, tezliklə ölkə xaricinə çıxsın. Qaldı ki Samir Qurbanovun məsələsinə, onu Çexiyaya sadəcə təcrübə qazanmaq üçün göndərmişdik. Onun hələ 18 yaşı tamam olmayıb. Odu ki, hələlik yaşıyla bağlı hər hansı xarici kluba transfer oluna bilməz. Samir «Slaviya»da özünü yaxşı tərəfdən göstərib. Yalnız Samirə deyil, yaşı hələ 18-ə çatmayan digər futbolçularımıza da o imkanı yaratmağa çalışacağıq ki, gedib xarici klubların düşərgəsində olsunlar, yoxlama oyunlarına çıxsınlar və Avropa futboluna adaptasiyanı tez keçsinlər.
Budaq Nəsirovun yayda «Sportinq»dən ayrılacağı barədə son vaxtlar mətbuatda yeni xəbərlər yayılıb. Millinin yarımmüdafiəçisinin icarəyə veriləcəyini iddia edənlər də az deyil.
- Əvvəla, onu xatırladım ki, onun «Sporinq»lə hələ 3 illik müqaviləsi qalıb. Budaq Nəsirov «Sportinq»ə transfer olundaqdan sonra yaxşı başlamışdı. Amma zədələr bir müddət ona mane oldu. Müxtəlif zaman kəsiyi ilə 3 dəfə zədələndi. İlk mövsümünün birinci dövrəsinin əksər oyunlarında meydana çıxdı. Axıra yaxın zədə aldı, baş məşqçi dəyişikliyi oldu. Yenidən heyətə qayıtdı və təkrar zədələndi. Yaxınlarda yenə meydana çıxmağa başlamışdı, ancaq millinin Bakıda Kosova və Almaniya ilə keçirdiyi oyunlarında zədələndi. Buna görə, 3-4 həftə «Sportinq»in məşqlərində iştirak edə bilmədi. Bu ərəfədə isə komandasının 2 oyununda forma geyindi və üçüncü oyunöncəsi məşqdə belində ağrılar hiss etdi. Yəni ki, bu zədələr Budağın «Sportinq»də stabil oynamasına problem yaratdı. Şükür ki, artıq zədələr geridə qalıb və oynamağa davam edəcək. Təbii ki, bunlar hələ bizi tam qane eləmir. Mövsümün sonuna yaxın «Sportinq» rəhbərliyi ilə danışacağıq. Ya onlar, ya da özümüz hansısa bir icarə variantına üsünlük verəcəyik. Budağın marağında olan klublar var. Daim oynaya və potensialını daha tez üzə çıxara biləcəyi klublardan birini seçəcəyik. Belədə həm «Sportinq»in əsas komandasına qayıtmaq, həm də başqa iddia klubların maraq dairəsinə düşmək şansı artacaq. Çexiya və digər ölkələrə nisbətən Portuqaliyada oynamaq daha ağırdı. Çünki spesifik futbol ölkəsidi. Portuqaliya futbolunun səviyyəsi daha yüksəkdi. Budağın xarakteri güclüdü və mən şübhə etmirəm ki, o, bütün bu çətinliklərin öhdəsindən gələcək və daha böyük uğurlara imza atacaq.(sportinfo.az)
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası